Xidmətlər Zərfində endoprotez əməliyyatlarının sayının artırılması çox müsbət addımdır - Ayaz Hüseynov

Xidmətlər Zərfinə həssas qruplardan olan pasientlərin vacib stomotoloji müalicəsinin daxil edilməsi və stomotoloqların maaşlarının artırılmasına yenidən baxılması müsbət addım olar

"2 may 2022-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev tərəfindən elan edildi ki, TƏBİB-in nəzdində olan səhiyyə müəsisələrində çalışan tibb işçilərinin maaşları bütün məcbuti tutulmalardan sonra net 1000 manat artacaq. Əlbəttə  bu cür addım təqdirəlayiqdir və ümid edirik ki, həkimlərin maaşının artırılması həkimlə pasient arasında müsbətə doğru münasibətlərin yeni mərhələsinə keçid olacaq".

 Bu fikirləri “İki sahil”ə açıqlamasında “Hemofiliyalı Xəstələr” İctimai Birliyinin sədri Ayaz Hüseynov deyib.

A. Hüseynov bildirib ki, Xidmətlər Zərfi çərçivəsində endoprotez əməliyyatlarının 300-dən 1200-ə artırılması bu kimi xidmətə ehtiyacı olan vətəndaşlar  üçün çox müsbət bir hal olacaq: "Nəzərə almaq lazımdır ki, endprotez əməliyyatına tələbatın yüksək olmaqla yanaşı, endoprotezin özünün qiyməti də bahalı olduğu üçün hər vətəndaşın büdcəsinə uyğun deyildi. Endoprotezə ehtiyacı olan pasientlərin bir qrupu da laxtalanma pozğunluğundan əziyyət çəkən hemofiliyalı vətəndaşlardır. Dövlət proqramı çərçivəsində dərman preparatlarının təminatı zamanı vaxtında və əlçatanlıq olmadığı üçün xüsusən də yaşlı  hemofiliyalı pasientlərin təcili endoprotez əməlliyyatlarına  ehtiyac vardı. Bilirik ki, bir oynağın sıradan çıxması və vaxtında sıradan çıxan oynağa müdaxilə edilməməsi nəticəsində digər oynaqlara və onurğa sütünuna güc düşür və gücə düşən oynaqlar da sıradan çıxır. 

Bunları nəzərə alaraq pasientin sağlamlığında fəsadların çoxalmaması məqsədi ilə İTS tərəfindən atılan addımlar çox vacibdir və alqışa layıqdir.  Xüsusi yanaşmaya ehtiyacı olan hemofiliyalı pasientlərin problemlərinə bir daha nəzər salmaq istərdim.  Bilirik ki, stomatoloji müalicə Xidmətlər Zərfinə daxil deyil. Nəzərə alsaq ki, hemofiliyalı pasientlər qanaxmaya meyillidir və bahalı qan laxtalanma  preparatları ilə Dövlət Proqramı  çərçivəsində təmin olunurlar.  Stomatoloji müalicə  həssas qruplar üçün Xidmətlər Zərfinə daxil edilməlidir. Əgər pasient diş dibindən qan sızmaya görə və ya dişin dərin kariyesinə görə qanaxmanı dəyandırmaq üçün mütəmadi olaraq dövlət tərəfindən təmin edilən bahalı  dərman preparatından istifadə edirsə,  bu, əksinə, pasientin sağlamlığına və dövlət büdcəsinə zərər verir. Çünki pasientin  stomatoloji müalicəsi ilə problem həll olunduğu halda, stomatoloji xidmət əlçatanlığı olmadığı üçün davamlı olaraq  qanın laxtalandırıcı bahalı dərman preparatından istifadə edirlər. 
Hesab edirəm ki, Xidmətlər Zərfinə həssas qruplardan olan pasientlərin  vacib stomotoloji müalicəsinin  daxil edilməsi və həssas qrupda olan pasientlərə xidmət göstərən  stomotoloqların maaşlarının artırılmasına yenidən baxılması müsbət addım olar."

Roya Rasimqızı, “İki sahil”