Hemofiliya xəstəliyinin müalicəsində tibb bacılarının rolu artırılır: Regionlarda elmi-praktik seminarlar keçirilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihə çərçivəsində regionlarda silsilə elmi-praktik seminarlar uğurla keçirilib.
Layihənin əsas məqsədi hemofiliya və digər qanın laxtalanma pozuntularının müasir müalicəsi sahəsində həkim və xüsusilə orta tibb işçilərinin bilik və bacarıqlarını artırmaq, beynəlxalq təcrübəyə əsaslanan yanaşmaları (o cümlədən ev şəraitində müalicə və profilaktika modelini) təşviq etməkdir. Bununla pasiyentlərin həyat keyfiyyəti yüksəldilir, uşaqların fiziki məhdudiyyət və əlillik yaranmadan sağlam böyüməsinə töhfə verilir. Tibb bacıları pasiyentin vəziyyətinin izlənilməsi, vaxtında müdaxilə və həkimlə pasiyent arasında effektiv əlaqənin qurulmasında mühüm rol oynayır.
Seminarlar Gəncə Şəhər Birləşmiş (26 avqust 2026) Xəstəxanasında, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında (25 avqust 2026), Sumqayıt Tibb Mərkəzində (21 avqust 2026) və Quba Rayon Mərkəzi Xəstəxanasında (18 avqust 2026) təşkil olunub.
Hər bir tədbirdə yerli xəstəxana rəhbərləri açılış sözü söyləyərək maarifləndirici tədbirlərin, peşəkar əməkdaşlığın və regionlarda müalicə əlçatanlığının əhəmiyyətini vurğulayıblar. Elmi hissədə əsasən eyni mütəxəssis heyəti çıxış edib:
Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov – “Beynəlxalq təcrübəyə əsaslanan evdə müalicənin tətbiqi və faydası”;
Respublika Klinik Xəstəxanasının hematoloqları (Aytac Novruzova və ya Ələmdar Cəfərzadə) – “Hemofiliyanın multidissiplinar müalicə modeli”; Sumqayıt Hospitalının baş tibb bacısı Mirvarid Siracova – “Hemofiliyanın müalicəsində tibb bacısının rolu”;
MediClub mütəxəssisləri (Məhəmməd Kərimli və ya Mətin Mahmudov) – “Xarici və daxili qanaxmalar zamanı təcili tibbi yardım”.
Seminarların yekununda qanaxmaların qarşısının alınması və ilkin müdaxiləyə dair praktiki nümayişlər keçirilib, iştirakçıların sualları cavablandırılıb. Gəncədə əlavə olaraq fizioterapiya şöbəsinə baxış təşkil olunub və qanaxmaların fəsadlarının aradan qaldırılmasında fizioterapevtik müalicənin rolu müzakirə edilib.
Seminarlar mərhələsi başa çatdıqdan sonra Bakı şəhərində geniş tərkibli hesabat konfransı keçiriləcək. Konfransda hemofiliyanın müalicəsində aktual məsələlər müzakirə ediləcək, xüsusi təkliflər paketi hazırlanaraq aidiyyəti dövlət səhiyyə qurumlarına təqdim olunacaq.
Bu tədbirlər regionlarda çalışan tibb personalının peşəkar hazırlığını gücləndirməklə hemofiliyalı pasiyentlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.





