13.11.2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında "Qanaxmalardan əziyyət çəkən qadın və qızların müalicəsində müasir yanaşmalar" mövzusunda seminar keçirilib.
​Tədbirin açılışında çıxış edən Lənkaran Rayon Mərkəzi Xəstəxanasının direktoru Oqtay Əmənullayev seminarın mövzusunun aktual və böyük əhəmiyyət kəsb etdiyini bildirib.
​Daha sonra Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov "Qanaxmalardan əziyyət çəkən qadın və qızların müalicəsinin təkmilləşdirilməsində dövlət səhiyyə qurumları ilə birgə Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının rolu", TƏBİB-in tabeliyindəki tibb müəssisələrində hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü, erkən neonatal dövrdə körpə ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın sədri Təranə Rəcəbli "Müalicənin gedişatında itirilmiş fürsətlər", Sumqayıt Perinatal Mərkəzin mama-ginekoloqu Fidan Cabbarlı "Zahılıq dövrü qanaxmaları — Ölümlə nəticələnməyən kritik hal nümunəsi", Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin həkim-hematoloqu Ələmdar Cəfərzadə isə "Von Villebrand xəstəliyinin müasir müalicəsi və profilaktikası" mövzularında çıxış ediblər.
​Tədbir çərçivəsində həkimlər arasında təcrübə mübadiləsi aparılıb və beynəlxalq protokollara əsasən pasiyentlərin müalicəsində yeni yanaşmalar müzakirə olunub.
​Bu kimi elmi-praktik tədbirlər tibb işçilərinin bilik və bacarıqlarının artırılması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və ana-uşaq sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
​Eyni zamanda, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası tərəfindən 2023-cü ildə təchiz edilmiş Lənkaran Rayon Mərkəzi Xəstəxanasının fizioterapiya şöbəsinə baxış keçirilmişdir. Şöbənin fəaliyyəti və idarəedilməsi yüksək qiymətləndirilmişdir.