26 avqust 2026-cı il tarixində Gəncə şəhərində hemofiliya xəstəliyinin müasir müalicəsinə həsr olunmuş elmi-praktik seminar keçirilib
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” mövzusunda elmi-praktik seminar baş tutub. Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Seminarın keçirilməsində əsas məqsəd hemofiliyanın müasir və effektiv müalicəsi sahəsində tibb işçilərinin bilik və bacarıqlarını artırmaq, eləcə də beynəlxalq müalicə yanaşmalarının tətbiqini təşviq etməkdir.
Tədbirin açılışında çıxış edən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktor vəzifəsini icra edən Səbuhi Həsənov bu cür maarifləndirici tədbirlərin tibb işçiləri üçün böyük əhəmiyyət kəsb etdiyini və onların sistemli şəkildə keçirilməsinin vacibliyini vurğulayıb.
Elmi-praktik Seminarda aşağıdakı mütəxəssislər təqdimatlarla çıxış ermişər:
- Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov – “Beynəlxalq təcrübəyə əsaslanan evdə müalicənin tətbiqi və faydası”
- Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin həkim-hematoloqu Aytac Novruzova – “Hemofiliyanın multidissiplinar müalicə modeli”
- Sumqayıt Hospitalının baş tibb bacısı Mirvarid Siracova – “Hemofiliyanın müalicəsində tibb bacısının rolu”
- MediClub Təcili və Təxirəsalınmaz Tibbi Yardımın həkim-terapevti Məhəmməd Kərimli – “Xarici və daxili qanaxmalar zamanı təcili tibbi yardım”
Daha sonra elmi-praktik seminarda müxtəlif tibb müəssisələrinin mütəxəssisləri geniş təqdimatlarla çıxış ediblər.
Tədbirdən sonra xəstəxananın direktor vəzifəsini icra edən Səbuhi Həsənov və Assosiasiya sədri Ayaz Hüseynov Abbas Səhhət adına xəstəxananın fizioterapiya şöbəsinə baxış keçiriblər. İştirakçılar qanaxmaların törətdiyi fəsadların aradan qaldırılmasında fizioterapevtik müalicənin vacibliyi və bu istiqamətdə birgə addımların atılması barədə fikir mübadiləsi aparıblar.