Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Həmkarlar Konfederasiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının dəstəyi və  “Hemofiliyalı xəstələr” ictimai birliyinin təşkilatçılığı ilə 2025-ci il  19-21  sentyabrda   layihə çərçivəsində  “ANA və BALA -7” adlanan Sağlamlıq  Düşərgəsi təşkil olundu.

Hemofiliya və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlar və onların ailə üzvlərindən ibarət  hədəf qrupları düşərgədə iştirak etmişdir.

Düşərgə  hemofiliya və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən  uşaqların valideynləri və  kiçik yaşlı,  yeniyetmə   uşaqlardan ibarət  iki qrupa ayrılmışdır. Böyüklər qrupu qadın və qızlardan ibarət, ikinci qrupda isə 90% oğlanlar 10%  qız uşaqları olmuşdur. Xəstə uşaqlar və onların ailə üzvlərinə  peşəkar mütəxəssislər  komandası tərəfindən təmənnasız kompleks yanaşma ilə müayinələr və məsləhətlər verilmişdir. 
Ümumilikdə sağlamlıq düşərgəsində hemofiliyadan əziyyət çəkən, xəstəliyin daşıyıcılarından ibarət 3-18 yaşa dək 50 uşaq və yeniyetmələrin iştirakı təşkil edilmişdir.  Bunlarla  bərabər 37  valideyin, 5 nəfər  tibb işçiləri və təşkilat komitəsi iştirak etmişdirlər.  

Düşərgənin ilk günü sentyabrın 19-da  düşərgə iştirakçıları üçün Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin həkim hematoloqu Dr. Ələmdar Cəfərzadə tərəfindən hemofiliya xəstəliyinə müasir yanaşma, ağrının idarə edilməsi mövzusunda seminar keçirilmişdir və sonda müayinələr təşkil olunmuşdur.

Düşərgənin ikinci günü  sentyabrın 20-də Tibbi Reabilitasiya Mərkəzinin baş həkimi Dr. Gülay Qurbanzadə və onun komandası tərəfindən "Hemofiliyanın fəsadlarının aradan qaldırılmasında fizioterapiya və reabilitasiyanın mühüm rolu mövzusunda seminar təşkil edildi və daha sonra uşaqların  müayinələri və konsultasiyalar ilə seminar davam etdi. Seminarların davamı olaraq uşaqların sağlam qidalanması və artıq çəkidən azad olunması mövzuda Qastroenteroloq, DNT dietoloq Dr. Nərmin Novruzova seminarda çıxış etmişdir və vacib sualları cavablandırmışdır.

Daha sonra düşərgənin rəsmi hissəsində  Milli Məclisin Səhiyyə Komitəsinin üzvü,  deputat Pərvanə Vəliyeva və Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadovla görüş olmuşdur. Rəsmi hissə çərçivəsində ictimai birliyin sədri Ayaz Hüseynov tərəfindən 2024-2025-ci illər ərzində görülən işlər haqqında  təqdimat olundu və hemofiliyalı uşaqların ifası ilə qonaqlara maarifləndirici tamaşa göstərildi.

Azərbaycan  Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov və Milli Məclisin səhiyyə komitəsinin üzvü və millət vəkili Pərvanə Vəliyeva ölkə rəhbərliyinin həssas qruplarını daima diqqət mərkəzində saxladıqlarını və görülən işləri yüksək qiymətləndirmişlər. Tədbirin sonunda  50 nəfər uşaq üçün müxtəlif ləvazimatlarla məktəb çantaları hədiyyə edilmişdir.

21 sentyabr 2025-ci ildə düşərgənin son günündə düşərgə iştirakçılarına ictimai birliyin stomatoloqu Dr. Aybəniz Şahmuradova tərəfindən ağız boşluğunun gigiyenası mövzusunda seminar  və birliyin tibb bacısı Mirvarid Siracova tərəfindən  damar daxili inyeksiya təlimləri təşkil olunmuşdur. Valideynləri narahat edən  suallar cavablandırılmışdır.

Sağlamlıq Düşərgəsi çərçivəsində qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlar və onların ailə üzvlərinin asudə vaxtının səmərəli keçirilməsi üçün idman və əyləncəli proqramlar təşkil edilmişdir.

Qeyd edək ki, pilot proqramı olaraq Sağlamlıq Düşərgəsinin məqsədi  aidiyyati dövlət qurumları  tərəfindən 18 yaşadək əlilliyi olan uşaqları sanator kurort müalicəyə cəlb etmək və bu sahənin inkişafına dövlətin dəstəyinin  vacibliyini bildirməkdir.

Xatırladaq ki, Prezident İlham Əliyev 2005-ci ildə imzaladığı Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının  Qanunun  5.3 maddəsində  “İrsi qan xəstəliyi olan şəxslər tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər”  göstərildiyi kimi  Azərbyacan Respublikasında yaşayan bütün İrsi qan xəstəliyi olan şəxslərə aid olunmalıdır.  
Valideynlərin psixoloji vəziyyətini yaxşılaşdırmaq, erkən əlilliyin  qarşısını almaq, xəstəliyin keyfiyyətli müalicəsində peşəkar  həkim komandasını formalaşdırmaq,  xəstə uşaqların  sağlamlığının qorunması üçün  2026-cı il Hemofiliya üzrə Dövlət 
Proqramına multidisiplinar yanaşma ilə sanator -kurort müalicənin tətbiqi haqqında  tərəfimizdən  təkliflər paketi hazırlanır.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #Koaqulopatiya #AnaBala7 #SağlamlıqDüşərgəsi #HemofiliyaAzərbaycan