Quba-Qusar Seçki Dairəsindən deputatlığa namizəd Ayaz Hüseynov ilə MÜSAHİBƏ
Namizəd haqqında:
Ayaz Hüseynov Azər oğlu-20 sentyabr 1988-ci ildə Bakı şəhərində anadan olub. Hüquq və Tibb sahəsində ali təhsil almışdır. 2011-2019-cu illərdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru kimi fəaliyyət göstərmişdir. 2017-ci ildən Pasiyent Təşkilatları İttifaqının sədri, eyni zamanda Əlil Təşkilatları İttifaqının vitse-prezidentidir. 2018-ci ildə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədr müavini, 2020-ci ildə isə sədr vəzifəsinə seçilmişdir. 2021-ci ildən TƏBİB nəzdində Etik Komissiyanın üzvü olaraq fəaliyyət göstərir.
QHT.az: Ayaz bəy, bilirik ki, Siz Bakı şəhərində doğulmusunuz, böyüyüb, başa çatmısınız. Nə üçün məhz Azərbaycanın şimal bölgəsi, Quba-Qusar dairəsini seçdiniz?
Ayaz Hüseynov: Doğrudur, Bakı şəhərində doğulmuşam və orada böyümüşəm. Lakin valideynlərim təxminən 20 ildir ki, Qubanın kəndində yaşayırlar. Qızım 2011-ci ildə Qubada dünyaya gəlib. Bir çox məqamlar var ki, məni bu bölgə ilə bağlayır.
QHT.az: Deputatlığa namizəd olaraq qarşınıza hansı konkret məsələləri hədəf kimi qoymusunuz? Hədəflərinizi təsvir edə bilərsinizmi?
Ayaz Hüseynov: Mənim əsas məqsədim, sakinlərin sağlamlığının qorunması və onların sosial rifahının yaxşılaşdırılmasıdır. Qarşıma qoyduğum proqram müasir nəslin aktual problemlərinə toxunur. Misal üçün:
- Kəndlərdə tibbi məntəqələrin təmiri və tibbi avadanlıqlarla təchiz edilməsi. Hər kəndə minimum iki tibb işçisinin ayrılması (həkim və tibb bacısı).
- Məişət tullantılarının atılması üçün kəndlərdə xüsusi yerlərin ayrılması.
- Gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün kənd klublarının və kitabxanaların təmirinə və bərpasına nail olmaq.
- Məktəblərin təmiri və istilik sisteminin quraşdırılması.
- Təlim və tərbiyə üçün uşaq bağçalarının yaradılması.
Düşünürəm ki, növbəti 5 il ərzində görülən bu işlər vətəndaşların sosial durumuna və sağlamlıqlarına müsbət təsir edəcək.
QHT.az: Deputatlığa namizədliyinizi verərək nədən ilhamlandınız?
Ayaz Hüseynov: Mən ictimai işlərə, xeyriyyəçiliyə dəyər verən bir ailədə böyümüşəm. Yaş ötdükcə dövlətimizə dəstək olaraq, vətəndaşlarımızın rifahının yaxşılaşdırılması üçün bir çox nailiyyətlər əldə etmişəm. Azərbaycanın müxtəlif regionlarında qan xəstəlikləri üzrə müalicənin keyfiyyətinin artırılmasında, həkimlərin təkmilləşdirilməsində və müasir müalicə üsullarının tətbiqində böyük nailiyyətlər qazanmışam. Namizədliyimi irəli sürməklə cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyirəm və görüləcək işlərdən vətəndaşlarımızın faydalanmasını təmin etmək istəyirəm.
QHT.az: Seçicilərinizlə necə ünsiyyət qurmağı və onların problemlərini həll etməyi planlaşdırırsınız?
Ayaz Hüseynov: Millət vəkili olaraq, mənim əsas prioritetim seçicilərimlə əlaqə saxlamaq və onların ehtiyaclarını anlamaqdır. Mütəmadi olaraq aidiyyəti dövlət qurumları ilə görüşlər keçirərək, sakinlərin problemlərini birbaşa dövlət qurumlarına çatdırmağı planlaşdırıram. Bundan əlavə, onlayn platformalar vasitəsilə seçicilərimlə ünsiyyət quracağam ki, burada işimi izləyib rəy bildirə bilsinlər. Həmçinin, dairəyə aid olan kəndlərdə yaşayan vətəndaşların üzləşdiyi problemlərlə daha yaxından tanış olmaq üçün icma liderləri ilə müntəzəm görüşməyi planlaşdırıram.
QHT.az: Məqsədlərinizə çatmaq üçün dövlət qurumları ilə necə işləməyi planlaşdırırsınız?
Ayaz Hüseynov: Məqsədlərimizə çatmaq üçün dövlət qurumları ilə sistemli iş vacibdir. Millət vəkili olaraq, müxtəlif sahələr üzrə dövlət qurumları ilə sıx əlaqələr yaradacağam. Vətəndaşların rifahının yaxşılaşdırılması üçün beynəlxalq təcrübəyə əsaslanaraq təkliflər hazırlayıb, birgə fəaliyyət göstərəcəyəm.
QHT.az: Bilirik ki, 2010-cu ildən bəri vətəndaş cəmiyyətinin ön sıralarında olan ictimai birliyin rəhbər vəzifəsində çalışırsınız. Bu illər ərzində fəaliyyətinizdə əsas məqamlara toxuna bilərsinizmi?
Ayaz Hüseynov: Fəaliyyətim zamanı sədr olduğum ictimai birlik və dövlət səhiyyə qurumları ilə birgə çalışaraq, Azərbaycanın şəhər və rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında həkimlərin təkmilləşdirilməsi, pasiyentlərin xəstəlikləri barədə məlumatlandırılması, diaqnostik laboratoriyaların, fizioterapevtik müalicə və stomatoloji xidmətlərin müasir avadanlıqlarla təchiz edilməsi təmin olunub. 2017-ci ildə ölkədə fəaliyyət göstərən müxtəlif xəstəliklərlə məşğul olan ixtisaslaşmış pasiyent təşkilatlarını bir araya gətirərək Pasiyent Təşkilatları İttifaqının yaradılmasına təşəbbüs göstərmişəm və hal-hazırda ittifaqın sədri kimi fəaliyyət göstərirəm.
QHT.az: Parlamentdə seçicilərinizin ehtiyac və maraqlarını necə müdafiə etməyi planlaşdırırsınız?
Ayaz Hüseynov: Millət vəkili kimi, mənim əsas vəzifəm seçicilərimin ehtiyac və maraqlarını qorumaq olacaq. Əhalinin üzləşdiyi problemləri daha yaxından bilmək üçün icma liderləri ilə sıx əməkdaşlıq edərək, parlamentdə seçicilərimin vəkilliyini etmək əsas məqsədlərimdən biridir. Həmçinin digər parlament üzvləri ilə əlaqələr quraraq, cəmiyyət üçün vacib məsələləri prioritet olaraq gündəmdə saxlamağı planlaşdırıram.
QHT.az: Seçicilərinizə nə demək istərdiniz?
Ayaz Hüseynov: Seçicilərimə demək istərdim ki, illərdir dövlətimlə çiyin-çiyinə vətəndaşların sağlamlığı üçün çalışmışam. Millət vəkili olsam, daha çox iş görə biləcəyimə inanıram və bu səbəbdən bu addımı atdım. Seçicilərimdən dəstək gözləyirəm. Həmçinin, bütün namizədlərə uğurlar arzu edirəm və seçkilərin nəticəsindən asılı olmayaraq dövlətimizə və vətəndaşlarımıza xeyirli olmasını diləyirəm.