“Medinex” sərgisində “Hemofiliyanın multidisiplinar müalicəsinə dair” seminar keçirilib
TƏBİB-in dəstəyilə "Medinex" sərgisinin işgüzar proqramı çərçivəsində “Hemofiliyanın multidisiplinar müalicəsinə dair” seminar keçirilib.
Hemofiliyalı Xəstələrin Assosiasiyasının sədri Ayaz Hüseynovun moderatorluğunda baş tutan seminarda Tibbi Reabilitasiya Mərkəzinin baş həkimi Gülay Qurbanzadə, Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Firəngiz Nəzərli və həkim-hematoloqu Aytac Novruzova, “Sumqayıt Hospital”ın baş tibb bacısı Mirvarid Siracova təqdimatlarla çıxış edib.
Ayaz Hüseynov "Hemofiliyalı Xəstələrin Assosiasiyasının dövlət səhiyyə qurumları ilə əməkdaşlığı və pasiyentlərin müalicələrinin keyfiyyətində əldə olunan nailiyyətlər", Gülay Qurbanzadə "Hemofiliyanın müalicəsində fizioterapiyanın rolu", Firəngiz Nəzərli “Von Villebrand xəstəliyi: hemostazın incə balansı” Aytac Novruzova "Hemofiliyanın müasir müalicəsi", Mirvarid Siracova "Hemofiliyanın müalicəsində tibb bacısının rolu" barədə məlumat verib.
A.Hüseynov bildirib ki, Hemofiliyalı Xəstələrin Assosiasiyası qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların maraqlarını təmsil etmək məqsədi ilə yaradılıb:
“Assosiasiya üzv olduğu Dünya Hemofiliya Federasiyasının və Avropa Hemofiliya Konsorsiumunun kriteriyalarına əsaslanaraq inkişaf etmiş ölkələrin səhiyyə təcrübəsini Azərbaycanda tətbiq edir. Ölkədə hemofiliyalı və digər qanda laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlara yüksək keyfiyyətli müalicənin əlçatanlığının təmin edilməsi məqsədilə müvafiq dövlət qurumları ilə birgə fəaliyyət göstərir”.
G.Qurbanzadə hemofiliyalı xəstələrdə rast gəlinən sümük əzələ problemləri - kəskin hemartroz, kliniki hemofilik artropatiya, əzələdaxili qanaxmalar, hematomalar, sevdoşişlər, septik artritlə bağlı və müalicə üsulları ilə bağlı iştirakçıları məlumatlandırıb:
“Davamlı qanaxmalar sonrası meydana çıxan sümük-əzələ problemləri hemofiliyalı xəstələrin həyat keyfiyyətini aşağı salır və zamanla əlilliyə səbəb olur, bu səbəbdən də düzgün təyin olunan reabilitasiya proqramları çox vacibdir”.
F.Nəzərli Von Villebrand xəstəliyinin diaqnozunun təyin edilməsindən və müalicə üsullarından danışıb:
“Hemostaz prokoaqulyant vəantikoaqulyant sistemlər arasında incə balansdır. Bu balansın pozulması həm qanaxma, həm də tromboz riski yaradır. Von Villebrand faktoru (vWF) trombosit adgeziyasını və VIII faktorun daşıyıcılığını təmin edir. “vWF”nin azlığı isə Ville brand xəstəliyinə səbəb ola bilər”.
A.Novruzova hemofiliyanın epidemiologiyasına təsir edən faktorlar, klinik mərhələlər barədə danışıb:
“Hemofiliya əsasən kişilərə təsir edir, çünki bu genlər X xromosomunda yerləşir. Gen daşıyıcıları yalnız hemofiliyalı kişilərin qızlarıdır. Nadir hallarda isə qadınlarda görülür (anası daşıyıcı atası xəstə olduğu halda). Gen daşıyıcısının hər oğlunun hemofiliya inkişaf ehtimalı 50 %, hər qızının daşıyıcı olma ehtimalı isə 50%-dir”.
M.Siracova həkim və tibb bacısı arasında uğurlu müalicəsinin təşkilində koordinasiyanın vacibliyindən bəhs edib:
“Pasiyentin qəbulu və hazırlığı, son 6 ay ərzində keçirdiyi qanaxma epizodlarını, müalicə tarixini, istifadə etdiyi dərmanların soruşulması, oynaqların açılıb qatlanma bucağının müayinəsi, dəri, oynaq və əzələ nahiyələrində hematoma ya qanaxma əlamətlərini müşahidə edilməsi, təzyiq, nəbz və hərarət ölçülməsi tibb bacısının rollarında aiddir. Tibb bacıları eyni zamanda sənədləşdirmə və hesabat müayinələrinin nəticələrini tibbi karta qeyd etməli və məlumat bazasına əlavə etməlidir”.
Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
#TƏBİB #Medinex #Medinex2025
“Medinex” sərgisində “Hemofiliyanın multidisiplinar müalicəsinə dair” seminar keçirilib
Alt şəkillər













