Hemofiliya xəstəliyinin müalicəsində tibb bacılarının rolu artırılır: Regionlarda elmi seminarlara start verilir
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihənin icrası uğurla davam edir.
Hemofiliya və digər qan laxtalanma pozuntularının keyfiyyətli müalicəsində həkimlərlə yanaşı, orta tibb işçilərinin də rolu əvəzsizdir. Pasiyentin xəstəlik gedişatının izlənilməsi, vaxtında və düzgün müdaxilə olunması, həmçinin müalicə həkimi ilə pasiyent arasında effektiv əlaqənin qurulmasında məhz tibb bacıları mühüm körpü rolunu oynayır.
Bu məqsədlə Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının peşəkar tibb mütəxəssislərindən ibarət heyəti tərəfindən regionlarda çalışan həkim və xüsusilə orta tibb işçiləri üçün elmi seminarlar təşkil olunacaq. Təlimlər aşağıdakı tibb müəssisələrini əhatə edəcək:
Quba Rayon Mərkəzi Xəstəxanası
Sumqayıt Şəhər Tibb Mərkəzi
Şirvan Rayon Mərkəzi Xəstəxanası
Gəncə Şəhər Birləşmiş Xəstəxanası
Seminarlar mərhələsi yekunlaşdıqdan sonra Bakı şəhərində geniş tərkibli hesabat konfransı keçiriləcək. Konfrans çərçivəsində hemofiliyanın müalicəsində aktual mövzular diqqət mərkəzində saxlanılaraq xüsusi təkliflər paketi hazırlanacaq və aidiyyəti dövlət səhiyyə qurumlarına təqdim ediləcək.
Layihənin əsas məqsədi hemofiliya xəstəliyinin ev şəraitində müalicə və profilaktika modelini təşviq etmək, bununla da uşaqların fiziki məhdudiyyət və əlillik qazanmadan, sağlam şəkildə böyümələrinə nail olmaqdır.

