24.08.2024-cü il tarixində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə səhiyyə profili üzrə fəaliyyət göstərən bir qrup QHT-lərin rəhbər şəxsləri ilə görüş keçirilib.
Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin Elm, təhsil, mədəniyyət, səhiyyə və gender siyasəti məsələləri sektorunun baş məsləhətçisi Elçin Adıgözəlov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, AHİK-in Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli və digər məsul şəxslər iştirak edib.
Aparılan ətraflı müzakirələrdə səhiyyə profili üzrə iş aparan QHT-lərdən olan ictimai gözləntilər, Azərbaycan dövlətinin səhiyyə siyasətinin prioritetlərinə uyğun olaraq, QHT-lərin ümumi işə, o cümlədən xəstəliklərin müalicəsinə dair tibbi protokolların təkmilləşdirilməsi prosesinə töhfələrinin artırılması imkanları nəzərdən keçirilib.
Qeyd edək ki, dəyirmi masada Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov iştirak edib. Ayaz Hüseynov davamlı olaraq dövlət səhiyyə qurumları ilə birgə tibb işçiləri üçün müxtəlif konfranslar və seminarların təşkil etdikləri barədə məlumat verdi.
Bundan başqa dövlət səhiyyə qurumları nəzdində pasiyent təşkilatlarının şurasının yaradılmasının vacibliyini bildirdi. Atılacaq bu addım, müxtəlif xəstəliklərin müalicəsində yaranan çətinlikləri operativ həllinə səbəb olacağı Ayaz Hüseynov tərəfindən bildirildi.
Qarşıdakı dövrdə səhiyyə profili üzrə fəaliyyət göstərən QHT-lərin Forumunun keçirilməsi, bu sahədə ixtisaslaşmış peşə birliklərinin rolunun artırılmasına dair təkliflər səsləndirilib.
Prezident Administrasiyasının, Səhiyyə Nazirliyinin, TƏBİB-in, AHİK-in və digər əlaqədar qurumların nümayəndələri müvafiq qeydlər götürüblər, təkliflər dinlənilib, suallar cavablandırılıb.
#Səhiyyə #Sağlamlıq #Pasiyent #QHT #NGO #QhtAgentliyi #NgoAgency #Görüş