22 oktyabr 2021-ci il tarixdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə “Qanın laxtalanma pozğunluluğunun müasir müalicəsi və pasient hüquqlarına dair seminar” hematoloqlar üçün təşkil edilmişdir.

Seminar çərçivəsində Mir Qasımov adına Respublika Klinik Xəstəxanasının hematologiya şobəsinin müdiri Naidə Hüseynzadə “İnhibitorlu xəstələrə yanaşma və müasir müalicə metodları” mövzusu ilə çıxış etmişdir. Dr. Naidə Hüseynzadə çıxışı zamanı Hemofiliyanın Azərbaycanda vəziyyəti, hemofiliyanın İnhibitor formasının müalicəsi və dünyada aparılan müasir müalicə haqqında ətraflı bilgilər vermişdir. Ağır formalı inhibitorlu pasientlərın həyat keyfiyyətinin yaxşılaşdırılmasında tətbiq edilən yeni nəsil müalicə üsulu olan Hemlibra ( Emicizumab) dərman preparatının müalicədə tətbiq edilməsinin vacibliyi xüsusi ilə vurğulandı.

Seminar çərçivəsində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov “Pasientin keyfiyyətli müalicəsi və seçim hüququ” mövzusunda təqdimat etdi. 2021- ci il 27 yanvar tarixdə təşkil edilən Pasient Təşkilatlarının birinci Respublika Forumunda qəbul edilən pasient hüquqlarına dair Bəyannamənin maddələri haqqında geniş məlumat vermişdir. Ayaz Hüseynov pasientin müalicəsində tətbiq edilən üsulların, dərman preparatlarının seçimində pasientin iştirakının vacibliyini xüsusi vurğuladı.

Bununla bərabər Milli Hematologiya və Transfuziologiya Mərkəzinin fəaliyyəti haqqında münasibətini bildirdi. Qısa bir zamanda hematologiya sahəsinda əldə edilən nailiyyətlər pasientlərin həyat keyfiyyətinin yaxşılaşmasına imkan yaratmışdır. Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə əməkdaşlığından məmnunluğunu bildirərək Ayaz Hüseynov xüsusi ilə vurğulamışdır.

#Səhiyyə #Sağlamlıq #Pasient #Hematologiya