“PAŞA Holdinq”in dəstəyi ilə “CARE GROUP” Psixoloji Dəstək Mərkəzi və Pasient Təşkilatları İttifaqı birgə böyük layihənın reallaşmasına start verildi.

Pasient Təşkilatları İttifaqının üzv təşkilatları Hemofiliyalı Xəstələrin Respublika Assosiyasiyasının və Leykemiya ilə Mübarizə İctimai Birliyinin azyaşlı uşaqları layihədə fəal iştirak edirlər.

“CARE GROUP” Psixoloji Dəstək Mərkəzinin rəhbəri və baş psixoloqu Elnarə Şahbazzadənin və aparıcı psixoloq Təhminə Rüstəmovanın dəstəyi ilə hemofiliyalı uşaqlar üçün dünya praktikasına əsaslanaraq “Art Terapiya” üsulu ilə psixoloji təlimlər keçirilir.

Layihə çərçivəsində psixoloji durumu yaxşılaşdırmaq və qorxu hissini aradan qaldırmaq üçün hemofiliyalı və leykemiyalı uşaqlarla xüsusi təlimlər keçirilir.
“CARE GROUP” Psixoloji Dəstək Mərkəzinin tərtib etdiyi xüsusi təlimlər nəticəsində uşaqlarla “Nağıl Terapiyası”, “Art Terapiya və Koqnitiv Davranış Terapiyası” aparılır.
Karantin şərtlərinə əməl edərək təlimlər kiçik qruplar şəklində aparılır.
Təlimlərin ilk mərhələsinin sonunda uşaqlara öz xəyallarında əks olunan nağıllar yazmağı təklif olunmuşdur. Bunun nəticəsində gözlənilməz olaraq, çoxlu sayda istedadlı uşaqlar və maraqlı nağıllar ərsəyə gəlmişdir.

Uşaqları növbəti maraqlı təlim mərhələlərinə həvəsləndirmək üçün hazırki təhsil prosesində çox lazım olan elektron planşetlər hədiyyə edilmişdir.
Qeyd edək ki, uşaqların yazdıqları nağıllardan ibarət olan kitablar dərc olunacaq və uşaqlara təqdim ediləcək. Nəticədə layihə uşaqların özlərinə olan inamını və güvəncini artıracaq.

Uşaqlarımızın xoşbəxt gələcəyi üçün faydalı layihələri reallaşdırdıqlarına görə Pasient Təşkilatları İttifaqı olaraq “CARE GROUP” Psixoloji Dəstək Mərkəzinə böyük təşəkkürümüzü bildiririk və gələcəkdə uzun müddətli proqramlarda əməkdaşlıq etməyimizə ümid edirik.