Azərbaycan-Ermənistan sərhədində atəşkəsin Ermənistan tərəfindən pozulması ilə əlaqədar olaraq burada yaşayan hemofiliyalı vətəndaşlarımızın sağlamlıq vəziyyətinin monitorinqi keçirildi
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbər üzvləri Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkimləri ilə birgə regionlarda hemofiliyalı və digər laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların yeni növ koronavirus infeksiyasına (COVİD-19) yoluxmasının qarşısının alınması və onlara tibbi xidmətin evlərdə göstərilməsinin tədbiqi məqsədi ilə regionlarda olan vəziyyətin monitorinqinin aparılmasına başlamışdır.
12 iyul 2020 il tarixdə Azərbaycan-Ermənistan sərhədində atəşkəsin Ermənistan tərəfindən pozulması ilə əlaqədar olaraq Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycan Respublikasının Qərb bölgəsi (Gəncə, Şəmkir, Tovuz, Ağstafa) və Qarabağ (Füzuli) bölgəsində yaşayan ağır gedişatlı hemofiliyadan əziyyət çəkən vətəndaşlarımızın sağlamlıq vəziyyətinin monitorinqini keçirdi və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının regional Gəncə bölməsinə yardım edərək həyati vacib dərman preparatları – faktor konsentratlarını onların evlərinə çatdırdı.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası ilə könüllü əməkdaşlıq etdiyi üçün Şirvan şəhər Regional İrsi Qan Xəstəlikləri üzrə bölmənin rəhbəri Dr. Təranə Cəlilovaya, Mir Qasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Dr. Naida Hüseynzadəyə dəstəyə görə təşəkkürünü bildirir.
Qeyd edək ki, qanda laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların sağlamlığının qorunması üçün Azərbaycan Respublikasının şəhər və kəndlərində həyati vacib dərman preparatlarının çatdırılmasının manitorinqini aparmaq, xəstə vətəndaşlara yaşadıqları evlərdə etibarlı qulluq, müalicənin davamlılığı, ölüm və ya ağır tibbi ağırlaşmaların qarşısını alınması, müalicə üçün faktor preparatlarla lazımi səviyyədə təminatın təşkil edilməsi, sağlamlıq reabilitasiya tədbirlərinin təşkili Assosiasiyanın qarşısında duran əsas məsələlərdən biridir.