Zati-aliləri, cənab prezident İlham Əliyev!

COVİD-19 pandemiyası ilə mübarizə aparıldığı bir zamanda ölkəmizdə tərəfinizdən xalqın sağlamlığının qorunması istiqamətində həyata keçirilən operativ tədbirlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Biz, Hemofiliyalı Xəstələr İctimai Birliyinin üzvləri – hemofiliyalı vətəndaşlar Sizin daimi diqqət və qayğınızı öz üzərimizdə hiss edirik. Karantin dövründə ağır xəstəlik olan qanın laxtalanma problemləri ilə vətəndaşlarımızın sağlamlığına mənfi təsiri azaltmaq, uşaqlarda əlilliyin qarşısını almaq məqsədilə dövlət büdcəsi hesabına alınan dərmanların ucqar rayon və kəndlərə çatdırılması təşkil edilmişdir. Sizin sayənizdə ölkəmizin heç bir vətəndaşı kənarda qalmamışdır. Hətta Türkiyənin Adana və Koçelli şəhərlərində yaşayan hemofiliyalı uşaqlarımızın müalicəsi üçün Azərbaycan Diaspor Komitəsinin xətti ilə həyati vacib faktor preparatları hemofiliyalı uşaqlara çatdırılmışdır. Hər zaman bizim müraciətlərimizə xüsusi diqqət ayırıb, problemləri kökündən həll etdiyinizə görə Sizə böyük təşəkkürümüzü bildiririk. Hemofiliyalı uşaqların valideynləri ruhdan düşmür, gələcəyə inamla baxır. Bütün bunlar xalqın Sizə olan etibarından, inamından qaynaqlanır. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticələrini verəcəkdir. Bu çətin dövrdə hemofiliya və digər qan xəstəliyinə düçar olan vətəndaşlara dayaq olduğunuza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə, Hemofiliyalı Xəstələr İctimai Birliyinin sədri Ayaz Hüseynov.